23 oktyabr 2013 16:21
Güləş klublarının fəaliyyəti genişləndirilir
Güləşə marağın durmadan artdığı, idmançıların sayının günü-gündən çoxaldığı bir vaxtda yeni zalların istifadəyə verilməsi günün vacib tələblərindəndir. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının qarşıya qoyduğu ən önəmli məqsədlərdən biri də məhz kütləviliyin təmin olunmasıdır.
Təkcə paytaxt Bakı və ətraf qəsəbələrdə 10-dan artıq güləş klubu fəaliyyət göstərir. AGF-nin 1 saylı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən bu klublar güləş idman növünə maraq göstərən, öz gələcəyini güləşçi kimi görən yeniyetmə və gənclərin dəyişilməz ünvanına çevrilib.
1. Əhmədli qəsəbəsi, N.Tusi küçəsi 29/92 ünvanda yerləşən “Cəngi” Güləş Klubu 2010-cu ildən fəaliyyət göstərir. Klubda yunan-Roma və qadın güləşi üzrə məşqlər keçilir.
2. Əhmədli qəsəbəsində həm sərbəst, həm də yunan-Roma güləş bölmələrinin fəaliyyət göstərdiyi “Bakı” Güləş Klubu da var. Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 2346 məhəllədə yerləşən klub 2010-cü ildən fəaliyyət göstərir.
3. Ən son fəaliyyətə başlayan klublardan biri də "Xosrov Cəfərov" Güləş Klubudur. Klubda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə məşqlər keçilir. Xalqlar Dostluğu metrostansiyasının arxasında yerləşən klub yeni olmasına baxmayaraq yığma komandanın heyəti üçün potensiallı güləşçilərin seçimində aktiv iştirak edir.
4. Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 18 ünvanda yerləşən “Həyat” Güləş Klubunda sərbəst güləş üzrə məşqlər keçilir.
5. Binəqədi rayonunda fəaliyyət göstərən klublardan digəri Koroğlu küçəsi 20 ünvanda yerləşən “Xəzri” Güləş Klubudur. Klubda həm yunan-Roma, həm də sərbəst güləş növləri üzrə məşqlər keçilir.
6. Sulutəpə qəsəbəsində əhalinin sıxlığı və istəyini nəzərə alaraq yaradılan "Azəri" Güləş Klubu 2011-ci ildən fəaliyyət göstərir. Klubda güləşin sərbəst növü üzrə məşqlə keçilir. Artıq yığma komandaların heyətində bu klubun yetirmələrini də görmək mümkündür.
7. Qaradağ rayonunda həm sərbəst, həm də yunan-Roma güləş növləri üzrə yeniyetmə və gəncləri öz ətrafına toplayan "Qaradağ" Güləş Klubu 2011-ci ildən fəaliyyət göstərir.
8. Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə məşqlərin keçildiyi “Hövsan” Güləş Klubu fəaliyyət göstərir.
9. 2011-ci ildən etibarən fəaliyyətə başlayan "Müşfiqabad" Güləş Klubunda sərbəst güləş növü üzrə məşqlər keçilir.
10. Sərbəst güləş növü üzrə məşqlərin keçildiyi "Nardaran" Güləş Klubu Nardaran qəsəbəsində yerləşir və 2011-ci ildən fəaliyyət göstərir.
11. 2011-ci ildən etibarən fəaliyyətə başlayan daha bir klub “Pirallahı” Güləş Klubudur. Yunan-Roma güləşi üzrə idmançıların hazırlandığı bu klub Pirallahı qəsəbəsində, Pirallahı Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
Diqqəti cəlb edən əsas məqamlardan biri bu zalların daim dolu olmasıdır. Zallarda federasiya rəhbərliyi tərəfindən idmançıların yüksək hazırlıq keçə bilməsi üçün lazım olan bütün şərait yaradılıb. Klublarda təcrübəli məşqçilərlə yanaşı, gənc və perspektivli məşqçilər çalışır, hər bir klubda yüzlərlə yeniyetmə və gənc təmənnasız olaraq güləşin sirlərinə yiyələnir. Çünki klubların bütün xərcləri Azərbaycan Güləş Federasiyası tərəfindən qarşılanır və məşqlər ödənişsizdir.
AGF-nin 1 saylı nümayəndəliyində fəaliyyət göstərən Klublar öz qabiliyyətinə və bacarığına güvənən, Olimpiya zirvəsini güləşçi kimi fəth etmək istəyən yeniyetmə və gənclərin yolunu gözləyir!!!
