21 oktyabr 2013 15:57
Sərbəst güləş millimizin başına kim gətirilir?
Bu il Tifisdə keçirilmiş Avropa çempionatında əldə edilən nəticədən (cəmi 2 bürünc medal) razı olmayan Güləş federasiyası, London olimpiadasında millimizə ilk dəfə 2 qızıl medal qazandıraraq, buna qədər ölkəmizin ən titullu mütəxəssisi Elçin Cəfərovu arxada qoymuş baş məşqçi Seyfulla Absəidovla yolunu ayırdı.
Sözsüz ki, birdəfəlik yox. Dağıstanlı çalışdırıcı AGF-in baş məsləhətçisi təyin edildi. Onun vəzifəsi isə, müvəqqəti olaraq vitse prezident Məhəmməd Əliömərova tapşırıldı. Macarıstan paytaxtı Budapeştdə təşkil olunmuş dünya çempionatında tək Hetaq Qazyumovun fərqlənməsi, Güləş federasiyasının baş məşqçi səyini bir qədər artırıb.
Azerisport.az-ın əldə etdiyi məlumata görə, hazırda bu istiqamətdə 2 ehtimal var. AGF, bu dəfə də yığma komandamızı dağıstanlı mütəxəssisə həvalə etmək istəyir. Amma istədiyi çalışdırıcını gətirə bilməyincə, millinin bolqarıstanlı məşqçisi Semyon Çeterova etimad göstərməyə hazırlaşır.
