8 oktyabr 2013 11:29
Millimizin üzvü Qızıl qran-pridə qalib olmaq istəyir
“Uzun muddətdir ki, 74 kq çəkidə gərgin rəqabət var. Çalışıram əsas heyətdə yerimi geri qaytarım”. Bunu azerisport.az saytına açıqlamasında Bakıda keçirilmiş Avropa çempionatının gümüş mükafatçısı Elvin Mürsəliyev deyib.
Titullu yunan-Roma güləşçisi bildirib ki, yenidən özünü sübut etmək istəyir və bunun üçün dayanmadan məşq edir: “Yığma komandada bizi istirahətə buraxıblar. İndi hərə öz klubunda hazırlaşır. Mən “Neftçi”nin üzvüyəm. Çalışmalarımı orada edirəm. Oktyabrın 20-də yığmada məşqlər bərpa olunacaq”.
Təcrübəli bahadır əlavə edib ki, hazırda əsas diqqəti FİLA-nın paytaxtımızda təşkil olunacan ənənəvi “Qızıl qran-prisi”nə yönəldib: “Ayın sonlarında Moskvada komandalararası Avropa kuboku keçiriləcək. Ötən il bu yarışda iştirak etmişdim. Bu dəfə istəmirəm. Əsas gücümü “Qızıl qran-pri” turnirinin final mərhələsinə qoyacağam. Orada qalib gəlməyi hədəfləmişəm. Məşqçilərimiz bir də deyir ki, özümü gələn növbəti Avropa çempionatına hazırlayım”.
