30 sentyabr 2013 14:39
Yığmamız xatirə turnirinə yola düşür
Oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə keçiriləcək yarışda yığma komandamızın 3 üzvü iştirak edəcək.
Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və İbrahim Usubov (84 kq) yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
Turnirin proqramına əsasən oktyabrın 5-də 55, 66, 84 və 120 kq, oktyabrın 6-da isə 60, 74 və 96 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.
