3 sentyabr 2013 17:54
Güləşin Olimpiadada qalması üçün aksiya (FOTOLAR)
7-8 sentyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyası keçiriləcək. Azerisport.az xəbər verir ki, sessiya zamanı 2020-ci il Olimpiya Oyunlarında güləş idman növünün saxlanılması barədə BOK-un yekun qərarı məlum olacaq.
Azərbaycan Güləş Federasiyası Bakı şəhər Gənclər və İdman İdarəsi ilə birgə “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!!!” devizi altında aksiya keçirəcək.
Aksiyada AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərin nümayəndələri iştirak edəcək.
Olimpiya, Dünya və Avropa çempionları və mükafatçılarının iştirak edəcəyi aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlanacaq.
Aksiya 5 sentyabr 2013-cü il tarixdə, saat 18.00-da Sahil bağında keçiriləcək.
