25 avqust 2013 01:01
Azərbaycan üçün 1 qızıl, 1 gümüş və 2 bürünc medal!
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
42 kq
Fərrux Əliyev 1/8 finalda macar güləşçini (3:0) üstələsə də, 1/4 finalda Rusiya güləşçisinə (0:2) uduzub.
50 kq
Mahir Əmiraslanov 1/16 finaldan mübarizəyə başlayıb. Finala qədər maneəsiz irəliləyən güləşçimiz Cənubi Afrika (12:4), Gürcüstan (12:4), ABŞ (11:4) və Polşa (7:0) təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda Rusiya güləşçisi ilə görüşdən məğlub ayrılan Mahir Əmiraslanov gümüş medalla kifayətlənib.
58 kq
Məhəmmədəli Əliyev mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Ukrayna (5:0), Bolqarıstan (5:0, təmiz qələbə) və ABŞ (7:0) təmsilçilərini üstələyən güləşçimiz, yarımfinalda Türkiyə güləşçisinə (2:4) uduzub. Bürünc medal uğrunda həlledici görüşdə Məhəmmədəli Əliyev Hindistan idmançısını üstələyib və dünya çempionatını üçüncü sırada tamamlayıb.
69 kq
Abdulmuslim Muxuddinov 1/16 finalda rəqibi İsveç (8:0), 1/8 finalda Latviya (8:0), 1/4 finalda Almaniya (7:0), yarımfinalda Hindistan (7:0) güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Çempionluğun bir addımlığında güləşçimizin rəqibi İran pəhləvanı olub. Gərgin keçən qarşılaşmada Abdulmuslim Muxuddinov rəqibinin kürəyini (5:3, təmiz qələbə) yerə vurub və dünya çempionu olub.
85 kq
Nurməhəmməd Hacıyev ardıcıl olaraq Ukrayna (9:1), Macarıstan (7:0) və Qırğızıstan (10:2) təmsilçilərindən üstün olub, ancaq yarımfinalda Rusiya idmançısına uduzub. Güləşçimiz İran təmsilçisi ilə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən Nurməhəmməd Hacıyev dünya çempionatının bürünc medalına sahib olub.
