19 iyul 2013 15:54
Yığmamız Gürcüstanda 3-cü oldu
Gürcüstanda keçirilən Temo Kazaraşvilinin xatirə turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanıb.
Finala qədər maneəsiz gələn güləşçilərimizdən Nofəl Babayev (42 kq) və Mehrac Kərimov (69 kq) gürcü, Elçin Məmmədov (54 kq) və Zahid Ələkbərzadə (58 kq) isə türk güləşçi ilə görüşdən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.
Adambek Şidukov (100 kq) gürcü güləşçisi ilə həlledici görüşdə qalib gəlib və bürünc medal qazanıb. 100 kq çəkidə digər təmsilçimiz Cavid Feyziyev də bürünc medala sahib olub.
Yaşar Məmmədzadə (46 kq) və Şamo Süleymanov (58 kq) beşinci olub.
Komanda hesabında Azərbaycan güləşçiləri üçüncü sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, ikinci yeri Türkiyə pəhləvanları tutub.
