10 iyul 2013 15:01
“Azərbaycanla İran güclərini səfərbər etməlidi ki, güləş Olimpiya Oyunlarından çıxarılmasın”
“Olimpiya Oyunlarının təməlinin qoyulduğu 5 ilk idman növündən biri olan güləş Olimpiya proqramından çıxarıla bilməz”. Azerisport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın idman və gənclər naziri Məhəmməd Abbasinin Azərbaycan və İranın güləşin bir idman növü kimi Olimpiya Oyunlarından çıxarılmaması üçün öz güclərini birgə səfərbər etmələrinə dair təkilifinə münasibət bildirərkən gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycana bir neçə ölkə müraciət edib:
"Güləşin idman növü kimi Olimpiya Oyunlarından çıxarılmaması üçün həm İran, həm Rusiya, həm də ABŞ tərəfindən həm nazirliklər, həm federasiyalar, həm də Olimpiya komitələri səviyyəsində bizə çoxlu məktublar daxil olub. Azərbaycan tam şəkildə güləşin Olimpiya idman növü kimi qalmasını dəstəkləyir və bu istiqamətdə addım atmağa hazırdır".
Nazir onu da qeyd edib ki, güləş Azərbaycan üçün çox vacibdir: "Çünki bu bizim tarixi idman növümüzdür".
“Azərbaycanla İran arasında güləş və ağırlıqqaldırma idman növləri üzrə çox yaxınlıq var. Hər iki ölkə öz güclərini səfərbər etməlidi ki, güləş bir idman növü kimi Olimpiya Oyunlarından çıxarılmasın”.
Bunu isə Bakıda səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı bildirib.
