8 iyul 2013 01:15
Ermənini məğlub etdi, AÇ-nin qızıl medalını qazandı (VİDEO)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimiz son gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb və komanda hesabında Avropa birincisi olub. 55 kq-da yarışan və 1/8 finaldan mübarizəyə başlayan Ruslan Surxayev Ukrayna güləşçisi Vitali Rudenkonu (8:0) məğlub edib. 1/4 finalda erməni Artak Hovannistanla qarşılaşan təmsilçimiz 10:2 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Polşa güləşçisi Tomazs Ogonovskini tam üstünlüklə (5:0) məğlub edən Ruslan Surxayev finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Nebi Uzun olub. Tam üstünlüklə (5:0) qalib gələn güləşçimiz Avropa çempionu olub.
