22 iyun 2013 23:47
AÇ-2013: Millimiz 5-ci gün 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində pəhləvanlar qüvvəsini sınayıb.
42 kq
1/8 finaldan mübarizəyə başlayan Seymur Hüseynovun ilk rəqibi Rumıniya təmsilçisi olub. İlk görüşünü (7:0) qələbə ilə başa vuran güləşçimiz qələbənin davamını gətirə bilməyib. Ancaq rəqibinin finala yüksəlməsi ona medal şansı verib. Təsəlliverici görüşdə alman rəqibini (8:0) üstələyən Seymur bürünc medal görüşündə Türkiyə təmsilçisi ilə qarşılaşıb. Rəqibini (6:4) məğlub edən Seymur Hüseynov Avropa çempionatını 3-cü sırada tamamlayıb və bürünc medala sahib olub.
50 kq
Mikayıl Rəhmanov ardıcıl olaraq Fransa təmsilçisini (7:0), erməni rəqibini (7:0) və Litva güləşçisini (5:3) məğlub edərək adını finala yazdırıb. Finalda Rusiya güləşçisi ilə gərgin keçən görüşü (9:10) rəqib qazanıb, Mikayıl Rəhmanov gümüş medalla kifayətlənib.
69 kq
Vüsal Həşimov 1/16 finaldan mübarizəyə qoşulub. Ardıcıl olaraq, Xorvatiya (5:4) və İsveçdən (5:1) olan rəqiblərinə qalib gələn təmsilçimiz, növbəti görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Bu görüşdən qalib ayrılan Vüsal Həşimov bürünc medal üçün güləşəcək. Rəqib erməni güləşçisi olub. İki hissənin yekununda hesab (5:5) bərabər olub, ancaq qələbə rəqib güləşçiyə verilib.
85 kq
1/8 final mərhələsindən mübarizəyə qoşulan Soslan Fanziyev Polşa (7:0), Fransa (10:3) və Almaniyadan (3:0) olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda rəqib Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmada güləşçimiz (6:5) qalib gələrək Avropa çempionatının qızıl medalına sahib olub.
58 kq
Zubair Dibirov ilk görüşündə uduzaraq mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında heyətdə Seymur Hüseynov (42 kq), Namaz Rüstəmov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zubair Dibirov (58 kq), Sənan Əlimirzəyev (63 kq), Vüsal Həşimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukov (100 kq) yer alıb.
