21 iyun 2013 13:44
“Hədəfimiz çempion olmaq idi”
Xəbər verdiyimiz kimi, Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan sərbəst güləş yığması Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşüb:
“Çempionata yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız ikinci olmuşdu. Bu il hədəfimiz çempion olmaq idi. Buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı – çempion olmalıydıq. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə bu nailiyyəti əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edir, güləş azarkeşlərini təbrik edirəm”. (AGF)
