19 iyun 2013 01:05
Azərbaycan AÇ-nin ilk günü 3 qızıl və 1 bürünc medal qazandı
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.
Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.
Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb. Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.
Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.
