4 iyun 2013 14:05
Misir yığması Bakıda təlim-məşq toplanışındadı
Azərbaycan Güləş Federasiyası və Misir Güləş Federasiyası arasında sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışları keçirilməsi barədə razılıq əldə olunub. Azerisport.az xəbər verir ki, əldə olunan razılığa əsasən Misir yığma komandaları iyunun 2-dən 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edirlər.
Misir güləşçiləri ölkəmizə əsas heyətlə gəlib. Onların arasında yunan-Roma güləşi üzrə dünya çempionu Mohamed İbrahim Abdelfattah (96 kq) da var.
Ümumilikdə 30 nəfərə yaxın idmançı və məşqçi heyəti ilə ölkəmizə səfər edən Misir güləşçiləri təlim-məşq toplanışından sonra 17-ci Akdeniz Oyunlarına yollanacaq.
Məlumat üçün bildirək ki, 17-ci Akdeniz Oyunları 20-30 iyun tarixlərində Türkiyənin Mersin şəhərində keçiriləcək.
