3 iyun 2013 12:42
Azərbaycan yığması Türkiyədə daha 4 medal qazandı
Ankarada güləş üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin son günündə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51, 63 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yunan-Roma güləşi üzrə yarışan Kərim Cəfərov (60 kq) və Ruslan Aciqov (84 kq) bürünc medal qazanıb. Komanda hesabında güləşçilərimiz Türkiyədən sonra ikinci yerdə qərarlaşıb. Üçüncü sıranı Gürcüstan təmsilçiləri əldə edib.
60 kq-da mübarizə aparan sərbəst güləşçimiz Nurlan Hacıyev də bürünc medal qazanıb. Sərbəst güləş yığmamız komanda hesabında üçüncü sırada qərarlaşıb. Türkiyə birinci, Rusiya güləşçiləri isə ikinci olub.
Gənc qızların mübarizəsində 72 kq çəkidə təmsilçimiz Səbirə Əliyeva ümidləri doğruldub. Finala qədər maneəsiz irəliləyən güləşçimiz, həlledici görüşdə yerli Büşra Durukanı məğlub edib və qızıl medal qazanıb. Komanda hesabında güləşçilərimiz ikinci yeri tutub. Türkiyə birinci, İsveç yığması isə turniri üçüncü sırada tamamlayıb.
Xatırladaq ki, ilk iki yarış günündə güləşçilərimiz ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
