20 may 2013 15:35
Beynəlxalq Güləş Federasiyası yeni prezidentini seçdi, qaydaları dəyişdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Güləş Federasiyası FILA-nın növbədənkənar Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında saxlanılması üçün bir sıra qərarlar qəbul edilib, eyni zamanda quruma yeni prezident də seçilib.
Xatırladaq ki, hər şey Beynəlxalq Olimpiya Komitəsi Icraiyyə Komitəsinin güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında olacaq 25 idman növü sırasına daxil etməməsindən sonra başlamışdı. Həmin qərarın ardınca FILA-nın Icrayyə Komitəsinin üzvləri bu ilin fevralında səs çoxluğu ilə prezident Rafael Martinettiyə etimadsızlıq göstərərək onun istefasına nail olmuş və serbiyalı Nenad Laloviç müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başlamışdı. Moskvadakı tədbirdə iştirak edən Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, FILA Icraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib. AGF rəsmisi Lider Televiziyasının Moskva bürosuna verdiyi müsahibəsində Konqres və Konqresdə qəbul edilən yeni qərarlar barədə fikirlərini bölüşüb.
Konqresdə həmçinin güləş qaydalarına da bəzi dəyişikliklər edilib. Yeni qaydalara əsasən güləşçilər bundan sonra hər biri 3 dəqiqədən ibarət olan 2 hissədə mübarizə aparacaqlar və qalib toplanan ümumi xallar əsasında müəyyənləşəcək. Bununla əlaqədar olaraq Texniki Komitə ortaya çıxacaq bütün detalları ən qısa müddətdə müzakirə edəcək və təkmilləşmiş qaydalar bu ilin sentyabrında Macarıstanda keçiriləcək Dünya çempionatında tətbiq ediləcək. Moskvadakı növbədənkənar Konqresdə Beynəlxalq Güləş Federasiyasına prezident seçkiləri də keçirilib və 132 nəfərdən 125-i yeganə namizəd, prezident səlahiyyətlərini icra edən Nenand Laloviçin lehinə səs verib. Namiq Əliyevin sözlərinə görə, Laloviç 2014-cü ilin sentyabrına qədər FILA prezidenti vəzifəsini icra edəcək və həmin vaxt növbəti prezident seçkiləri olacaq. Tədbir zamanı həmçinin FILA Icraiyyə Komitəsinə 3 fəxri üzv də seçilib.
FILA-nın növbədənkənar Konqresinin mayın 20-dək keçirilməsi isə bir amillə bağlıdır - bu ayın 29-da Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Olimpiya Komitəsinin Icraiyyə Komitəsinin iclası olacaq və 2020-ci il Yay Olimpiya Oyunlarına daxil olmaq istəyən idman növlərinin, o cümlədən güləşin BOK rəsmiləri qarşısında təqdimatı olacaq. Güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib-edilməyəcəyi isə bu ilin sentyabrın 17-də – Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə təşkil olunacaq Konqresində bilinəcək. Və yalnız o zaman güləşin xilası üçün görülən işlərin nə dərəcədə səmərəli olub-olmamasına da aydınlıq gələcək.
