19 may 2013 00:09
Azərbaycan çempionatının ilk gününün qalibləri bəlli oldu
Mayın 18-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Güləş Federasiyasının (FİLA) mövcud qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter daşıyan çempionatda respublikanın bütün bölgələrini təmsil edən 1996-1997-ci illər təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparırlar.
Yarışın ilk günü beş çəki dərəcəsi üzrə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sabutay Əmişov (42 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmmədəli Əliyev (58 kq), Əbdulmüslim Muxiddinov (69 kq) və Nurməhəmməd Hacıyev (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın əsas məqsədi ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdi.
