1 mart 2013 13:44
Respublika turnirinin final mərhələsi başlayır
Martın 5-6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə “Olimpiyaçılar aramızda” açıq Respublika turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq turnirdə respublikanın bütün bölgələrini təmsil edən 1997-98-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.
Turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Turnirin ilk mərhələsi fevralın 2-dən 19-dək AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə keçirilib. Final mərhələsinin proqramına əsasən, martın 5-də sərbəst, 6-da isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək.
Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış mərasimi martın 5-i, saat 17:00-da keçiriləcək.
Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək, tam dəst idman geyimi ilə təmin ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
