11 yanvar 2013 14:48
Yığmamızın yeni məşqçiləri ictimaiyyətə təqdim olundu (FOTOLAR)
Yanvarın 11-də Azərbaycan Güləş Mərkəzində yunan-Roma güləşi üzrə milli komandamızın açıq məşqi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə həmçinin komandaya yeni təyin olunmuş məşqçilər ictimaiyyətə təqdim olunub.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində iranlı mütəxəssis Cəmşid Xeyrəbadi çalışır. Ona həmyerliləri Nasir Nurbaxış (böyük məşqçi) və Nezafat Dost Cəfər (məşqçi) kömək edirlər.
Media nümayəndələri yığmamızın məşq prosesini izləyib. Daha sonra komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, millidə ağır çəkidə çatışmazlıq var: “Bunu aradan qaldırmaq üçün də milliyə yeni legioner gətirəcəyik. Ancaq onun adını açıqlamayacağam. Buna səbəb tərəflər arasında danışıqların getməyidir. O, dünya çempionudur, özünü sübut etmiş, çox perspektivli güləşçidir. İnanıram ki, Azərbaycan yığmasına faydalı olacaq”.
Xeyrabadi, həmçinin hazırlıq prosesində yeniliklərin olacağını və yığmamızın yeni sistemdə məşq edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yığmamız əvvəl həftədə 3-4 dəfə məşq edirdisə, bundan sonra hər gün çalışacaqlar: “Yığmada məşqlərin sayı artırılaraq, gündə 2 dəfə olacaq. Bunun saat 10:30-da və 17:30-da olmağı nəzərdə tutulub. Əsas məqsəd Azərbaycanı dünyada 1 nömrə etməkdir. İnanıram ki, Azərbaycan güləşi dünyada parlayan ulduz səviyyəsinə qalxacaq”.
