16 noyabr 2012 12:17
Firdovsi Umudov: Bu, Azərbaycan güləşinin uğurudur
FILA tərəfindən 2012-ci ilin ən yaxşı məşqçisi elan edilən sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov onun üçün əlamətdar olan bu hadisəni ölkə idmanının uğuru kimi dəyərləndirib. Azerisport.az xəbər verir ki, Umudov bunu belə şərh etdi:
«Bu mənim üçün olduqca qürurverici andır. İlk dəfədir ki, azərbaycanlı məşqçi dünyanın ən yaxşısı seçilir. 2009-cu ildə Azərbaycanda ilin məşqçisi olmuşdum, indi isə dünyanın ən yaxşısı seçildim. Təbii ki, bu uğurları təkbaşına qazana bilməzdim. Bizə yaradılan yüksək şəraitə görə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədova, federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyevə və bütün məşqçi həmkarlarıma minnətdaram. Biz komanda olaraq bir yerdəyik və bu uğur hamımızındır. Söz verirəm ki, bundan sonra da güləşimizin inkişafı, idmançılarımızın parlaq qələbələri üçün durmadan çalışacam və dövlət başçımız cənab İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün əlimdən gələni edəcəm».
