8 noyabr 2012 15:51
Sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçiriləcək
Noyabrın 12-13-də Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, güləşin kütləviliyinə nail olmaq, Bakı şəhərindəki ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri sərbəst və yunan-Roma güləşi ilə müntəzəm məşğul olmağa cəlb etmək və idmançıların ustalıq səviyyəsini artırmaqdır. Çempionatda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilər.
2 gün davam edəcək Bakı çempionatında ilk gün sərbəst, ikinci gün yunan-Roma güləşi üzrə 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.
Yarışlar hər gün saat 10.00-da başlayacaq. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən yarışda 1-6-cı yerləri tutmuş idmançılar dekabrda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaq.
