5 sentyabr 2012 18:02
Azərbaycan DÇ-də daha 2 qızıl və bir bürünc medal qazandı
Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, turnirin ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub.
Belə ki, güləşçilərimizdən 55 kq çəki dərəcəsində Eldəniz Əzizli yaponiyalı Şinobu Ota, misirli Əbu Həlimə Məhəmməd Əl Səid Ab, fin Mazyar Şirmohəmmdi üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda Əzizlinin rəqibi türkiyəli Şərif Kılıç olub. Türkiyəli idmançnı da məğlub edən güləşçimiz finalda moldovalı Viktor Ciobanu ilə qarşılaşıb. Əzizli Ciobanu ilə görüşdə hər iki hissəni qalib başa vuraraq dünya çempionu olub.
66 kq çəki dərəcəsində yarışan Ceyhun Əliyev isə alman Marc-Antonio Von Tugginer, iranlı Mehdi Çooli Zeidvand və misirli Kərim Havvaş üzərində qələbə qazanaraq digər yarımfinalçımız olub. Növbəti mərhələdə Əliyevi macar David Feher gözləyib. Güləşçimiz macar rəqibini də məğlub edərək finala yüksəlib. Finalda Əliyev rusiyalı Maqomed Çuxalov ilə üz-üzə gəlib. Əliyev Çuxalovu məğlub edərək qızıl medala yiyələnib.
Azərbaycan yığmasının bu gün çıxış edən ağırçəkililəri isə mübarizəni dayandırıblar. 120 kq çəki dərəcəsində çıxış edən Zaur Mehrəliyev yarımfinalda məğlub olaraq bürünc medal qazanıb.
84 kq mübarizəyə qoşulan Fuad Əliyev isə elə ilk görüşündə ABŞ idmançısına məğlub olub.
