3 sentyabr 2012 12:17
Azərbaycan üçün növbəti DÇ sınağı başlayır
Sentyabrın 4-dən etibarən Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başlayır. Azerisport.az xəbər verir ki, sentyabrın 11-dək davam edəcək çempionatda ilk iki gün yunan-Roma, daha sonra iki gün qadın güləşçilərin mübarizəsi keçiriləcək.
Sentyabrın 8-9-da sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq. Çempionatın son iki günündə isə həm sərbəst, həm də qadın güləşçiləri çimərlik güləşi üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandası artıq Taylanddadır. Böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında 8 güləşçimiz yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edəcək. Heyətdə Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq), Rövşən Tağıyev (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq), Abas Abdullayev (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
Gənc qızların yarışında ölkəmiz 5 güləşçi ilə təmsil olunacaq. Böyük məşqçi Həsrət Məmmədyarov, məşqçilər İsaməddin Hüseynov və Arif Fərmanovun rəhbərliyi altında Taylanda Aydan Səfərli (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq) və Korin Dərya (67 kq) yola düşəcək.
Çempionatın son günlərində mübarizəyə qoşulacaq sərbəst güləşçilərimiz də Taylanda tam heyətlə yollanacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyev yığmanın üzvləri arasından Ruslan Surxayev (50 kq), Qalib Əliyev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Elçin Məmmədov (66 kq), Elcan Usubzadə (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Hacı Şərifov (96 kq) və Əli Məhəmmədabirovu sınayacaq.
Görüşlərin idarə olunmasında ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
