16 iyul 2012 18:02
Azərbaycan üçün səkkiz medal
Saxanın (Yakutiya) paytaxtı Yakutskda keçirilən “Asiyanın uşaqları” 5-ci beynəlxalq idman oyunlarında Azərbaycan sərbəst güləş komandası yaxşı nəticələr əldə edib. Azerisport.az xəbər verir ki, məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin başçılığı ilə güləşçilərimiz müxtəlif nominasiyalarda səkkiz medal qazanıblar.
Mahir Əmiraslanov (46 kq), yeniyetmə güləşçilər arasında dünya birinciliyinin iştirakçısı Vurğun Əliyev (50 kq) və Loğman Ağayev (58 kq) qızıl medal qazanıblar. Şahin Muxtarov (32 kq), Elvin Xıdırov (63 kq) və Turxan Qut\rbanov (76 kq) gümüş medallara sahib olublar. Bürünc medalları komandamıza Murad Süleymanov (54 kq) və Ruslan Aslanov (69 kq) qazandırıblar.
Beynəlxalq dərəcəli hakim Elman İsmayılov “Asiyanın uşaqları” oyunlarının keçirildiyi turnirdə sağlam rəqabətin hökm sürdüyünü qeyd edib. O, eyni zamanda yaxşı texniki göstərici nümayiş etdirən respublika çempionu Vurğun Əliyevin göstəricilərini də fərqləndirib.
