19 iyun 2012 14:34
Naxçıvan kubokunu millimiz qazandı (FOTO)
Milli Qurtuluş günü münasibətilə yunan-roma güləşi üzrə gənclər arasında komandalararası “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda ümumilikdə 8 ölkənin yığma komandası mübarizə aparıb.
Qrup görüşlərinin yekununa əsasən, finalda Azərbaycan və Gürcüstanın gənc güləşçiləri qarşılaşıblar. Qeyd edək ki, iyunun 15-də keçirilən ilkin görüşlərdə Azərbaycan “A”, Gürcüstan isə “B” qrupunda birinci yeri tutmuşdu.
Həlledici görüşlərdə böyük əzmkarlıq nümayiş etdirən gənc pəhləvanlarımız yekunda 5-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatına layiq görülüb.
3-cü yer uğrunda görüşdə isə öz qruplarında müvafiq olaraq 2-ci yeri tutmuş Naxçıvan və Qırğızıstan kollektivləri üz-üzə gəliblər. 8 görüşün yekununa əsasən, ümumi hesab 4-4 olsa da, qarşılaşmalarda toplanan xallar hesabına Qırğızıstan güləşçiləri fəxri kürsün 3-cü pilləsinə qalxıblar.
Mükafata layiq yerlər tutan komandalar diplom və pulla təltif ediliblər. Qalib komanda Azərbaycan yığmasına isə kubok təqdim edilib.
