21 may 2012 13:02
Azərbaycan dünya kubokunda dördüncü oldu
Rusiyanın Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya Kuboku yarışlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Koreya, Belarus, Bolqarıstan, Türkiyə, Macarıstan və Ermənistan güləşçiləri iştirak ediblər.
Yarışda millimiz yer aldığı qrupda Rusiyanı (4:3), Bolqarıstanı və Belarusu (hər ikisini 5:2) məğlub edib. Lakin İran yığması ilə görüşdə 3:4 hesablı məğlubiyyət qeydə alınıb.
Bu üzdən də bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalan güləşçilərimiz Cənubi Koreya millisi ilə qarşılaşıblar. Bu qarşılaşmada da millimiz 2:5 hesabı ilə məğlub olub və dünya Kuboku yarışlarını dördüncü pillədə bitirib.
