11 may 2012 16:46
Azərbaycan Rusiya ilə eyni qrupa düşdü
Xəbər verdiyimiz kimi, 12-13 may 2012-ci il tarixdə Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
Yarışın proqramına əsasən, bu gün - mayın 11-də püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrudan görüşəcək.
Püşkün nəticəsinə gəlincə, Azərbaycan Rusiya, Bolqarıstan, Belarus və Qazaxıstanla birgə A qrupuna düşüb. Digər qrupda isə İran, Türkiyə, ABŞ, Yaponiya və Gürcüstan mübarizə aparacaq.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14:00-da keçiriləcək.
