19 aprel 2012 12:28
Daha bir dünya çempionu Çinə yollanacaq
Aprelin 22-də Bolqarıstanda start götürəcək olimpiya lisenziyası xarakterli turnirdə çıxış edəcək Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibində dəyişikliklər olub. Azerisport.az xəbər verir ki, 2010-cu il dünya və Avropa çempionu Həsən Əliyev (60 kq) Bolqarıstanda çıxış etməyəcək. Məşqçi qərargahı onu Aprelin 26-29-u aralığında Çində keçiriləcək ikinci lisenziya turnirində iştiraka salmaq qərarına gəlib.
Onun yerinə Sofiyada Kamran Məmmədov mübarizə aparacaq. Həmçinin Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) turnirdə iştirak edəcəklər.
Xatırladaq ki, daha öncə Sofiya turnirində iştirak edəcəyi gözlənilən dünya və ikiqat Avropa çempionu Xetaq Qazyumovu (96 kq) Çində keçiriləcək lisenziya xarakterli turnirə göndərmək barədə qərar qəbul edilmişdi.
