27 dekabr 2011 15:14
2011-ci ilə 264 medalla vida
Yola saldığımız 2011-ci il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri oldu. Azerisport.az xəbər verir ki, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə etdilər.
Bütün bu nailiyyətlər ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.
İl ərzində qazandığımız uğurların statistik göstəricilərinə nəzər yetirək:
Yığma komandalarımızın üzvləri 2011-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanmışlar.
Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 7 qızıl, 4 gümüş, 7 bürünc, dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürünc medalqazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdirmişlər.
Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, gənclərimiz Avropa çempionatında 3 qızıl, 5 gümüş, 4 bürünc, dünya çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdirmişlər.
Böyüklərdən ibarət yığma komandalarımız isə, qazandıqları 22 medalın 14-nü (6 qızıl, 8 bürünc) Avropa çempionatında,8-ni isə (2 qızıl, 1 gümüş, 5 bürünc) dünya çempionatında qazanmışlar. Eyni zamanda, XXX Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya çempionatında güləşçilərimiz 7 lisenziya qazanaraq 2011-ci ili uğurla başa vurmuşlar.
Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 197 medal qazanmışdır. Bu medalların 72-sinin əyarı qızıl, 46-sı gümüş və 79-nun əyarı isə bürünc olmuşdur.
Bu ilin mart ayında Rusiya Federasiyasının Maxaçkala şəhərində FİLA tərəfindən keçirilən böyüklərin Dünya kuboku yarışlarında, sərbəst güləş üzrə yığmamız komanda hesabında III yer qazanmışdır.
May ayında Almaniyanın Plauen şəhərində gənclər arasında ilk dəfə keçirilən Dünya kuboku yarışlarında yığma komandamız II yer qazanmışdır.
Qarşıdan gələn 2012-ci il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. 2012-ci ilin 7 ayı ərzində idmançılarımızın qarşısında əsas məqsəd XXX Yay Olimpiya Oyunlarına yüksək səvviyədə hazırlaşmaq, əldə olunmamış lisenziyaları qazanmaq və bu möhtəşəm yarışlarda yüksək əyarlı medallar qazanmaqdı.
