28 noyabr 2011 11:46
“Bu xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdu”
Türkiyə mətbuatında həqiqətə uyğun olmayan və heç bir faktiki əsası olmayan xəbər yayılıb. Xəbərdə deyilir ki, guya Azərbaycan Güləş Federasiyası tərəfindən 120 kq çəkidə son dünya çempionu Rza Kayaalpa 1 milyon dollar qarşılığında ölkəmiz adından çıxış etmək təklifi edilib və adı çəkilən güləşçi bundan imtina edib.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yayılmış bu xəbərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu barədə bunları dilə gətirib:
“Yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində mübarizə aparan türk güləşçi Rza Kayaalpa Azərbaycan Güləş Federasiyası tərəfindən 1 milyon dollarlıq təklif edilməsi barədə mətbuatda yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur. Yığma komandamızda ölkəmizi 120 kq-da təmsil edən bir neçə idmançı var və hal-hazırda nə Rza Kayaalpa, nə də başqa bir idmançını transfer etmək fikrimiz yoxdur” – deyə AGF-nin baş katibi Əjdər Cəfərov bildirib.
