16 noyabr 2011 16:14
Hünər meydanı turniri keçiriləcək
17-18 noyabr 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin nəticələrinə əsasən gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandaların heyəti müəyyənləşəcək.
Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Yarışların proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 17-də, saat 17.00-da gerçəkləşəcək.
