24 oktyabr 2011 12:33
Güləşçilərimiz üçün Belarus, Ukrayna və Rusiya sınağı
28-30 oktyabr 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin nəticəsinə əsasən yeniyetmələrdən ibarət yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşəcək.
Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin Belarus, Ukrayna, Rusiya Federasiyasının Alaniya, Kabardin-Balkar və Dağıstandan olan pəhləvanlar da iştirak edəcək.
Yarışların proqramına əsasən, oktyabrın 27-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində saat 16.00-da güləşçilərin çəki prosesi həyata keçiriləcək. Turnirin rəsmi açılış mərasimi oktyabrın 28-də, saat 17.00-da gerçəkləşəcək. İlkin görüşlər hər gün saat 10.00-da başlayacaq, 17.30-da isə final qarşılaşmaları baş tutacaq.
