3 oktyabr 2011 18:50
Yığmamızın yeni baş məşqçisi bəlli oldu
Yunan-Roma güləşi üzrə yığma komandamızın yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Fərid Mansurovun istefasından sonra boş qalan posta türk mütəxəssis Salih Bora gətirilib.
O, İstanbul şəhərində keçirilən Dünya çempionatından öncə Türkiyə yığmasından kənarlaşdırılıb. 1954 təvəllüdlü Bora idmançı karyerası ərzində 1977-ci ildə dünya ikinciliyinə, 1981-də Avropa üçüncülüyünə nail olub. 1981 və 1982-ci il Dünya çempionatlarında gümüş medal qazanan mütəxəssis bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.
Salih Bora 20 ildən çox bir müddətdə Türkiyə milli komandasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Son dünya çempionatı öncəsi qan dəyişikliyinə ehtiyac duyulduğunu bildirən Türkiyə Güləş Federasiyası onun köməkçiləri ilə yolları ayırmaq qərarına gəlib. Uzun müddətdi komandası ilə birgə çalışan Bora buna etiraz əlaməti olaraq istefa verib. Onun rəhbərliyi altında Türkiyənin yunan-roma güləşi üzrə milli komandası 2008-ci il Avropa üçüncülüyünə, 2009-cu il dünya çempionluğu, 2010-cu ildə Avropa və dünya ikinciliyinə nail olub.
Salih Bora Azərbaycanda öz komandası ilə çalışacaq. Ona Şaban Donat və Mutaalip Yerlikaya kömək edəcək. Azərbaycan tərəfi hətta Türkiyə milli komandasının kordinatoru Ata Karataşa da təklif irəli sürüb və böyük ehtimalla o da ölkəmizdə çalışacaq.
