20 sentyabr 2011 14:08
DÇ-də uğur qazanan millimizin üzvləri Bakıda (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, son iki gündə mübarizə aparan, 1 qızıl və 3 bürünc medal qazanan sərbəst güləşçilər vətənə qayıdıblar. Nümayəndə heyətini həmişə olduğu kimi komanda yoldaşları, qohumları və federasiya rəsmiləri qarşılayıb.
Xatırladaq ki, Azərbaycan millisi başa çatan dünya çempionatını lisenziya sayında bütövlükdə dördüncü yerdə bitirib. Belə ki, bu DÇ-də qarşıdan gələn London olimpiadasına 108 lisenziya oynanılırdı. Azərbaycan yığmasının üzvləri bunlardan yeddisinə sahib çıxıblar. İdmançılarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) həm qızıl medal, həm də London olimpiadasına lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına lisenziya əldə edib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə bürünc medalla kifayətlənib (bu çəki dərəcələri Olimpiya Oyunlarına daxil deyil). Çempionatın son günündə isə, Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) həm lisenziya, həm də bürünc medal qazanıblar. Ümumilikdə yığmamız, 2 qızıl, 1 gümüş və 5 medal və 7 lisenziya əldə edib.
Bu göstəricisinə görə, yığmamız sadəcə Rusiya (12), Qazaxıstan və ABŞ-dan (hər ikisi 9) geri qalıb. İran isə yığmamız kimi məhz 7 lisenziyaya sahib çıxıb. Bütövlükdə isə, 108 lisenziya 32 ölkə arasında bölüşülüb.
