18 sentyabr 2011 23:05
DÇ-də 3 lisenziya, 3 medal (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların yeddinci günündə daha 3 sərbəst güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.
Cəbrayıl Həsənov (66 kq) mübarizəyə Kipr idmançızı Stelios Mama ilə start verib və qələbə qazanıb - 7:0, 5:0. Növbəti mərhələdə o, Macarıstan idmançısı Gergeli Veller ilə üz-üzə gəlib və onu da məğlub edib - 1:0, 1:0. 1/4 finalda Həsənovu yaponiyalı Taşuhiro Yonemutsu ilə duel gözləyirdi. Bu rəqibini də yenəcəyi halda Cəbrayıl olimpiadaya lisenziyanı rəsmiləşdirəcəkdi. Lakin təəssüf ki, Həsənov bu görüşdə uduzub - 4:5, 0:1. Amma yaponiyalı finala çıxdığından o, həm lisenziya, həm də medal qazanmaq fürsəti qazanıb. Belədə Cəbrayıl Batzoriq Buyanjav (Monqolustan) üzərində qələbə qazanmaqla növbəi lisenziyaya sahib çıxıbı - 1:0, 7:0. Bürünc medal üçün isə, o, Leonid Bazan (Bolqarıstan) üzərində də qələbə qazanmalıydı ki, bunun da öhdəsindən gəlib - 2:0, 4:2.
Əşrəf Əliyev (74 kq) startda rumıniyalı Marius Atofaniyə qalib gəlməliydi ki, bunu bacarıb - 2:0, 3:2. Onun növbəti rəqibi Azat Dombayev (Qazaxısta) ki, idmançımız onu da yenərək, 1/4 finala yüksəlib - 1:0, 2:0. Burdakı rəqib Ermənistan təmsilçisi Muso Murtuzəliyevdi. Bu rəqibi üzərində qələbə Əliyevə lisenziya qazandıracaqdı ki, o, bu mühüm vəzifənin öhdəsindən gəlməyi bacarıb - 4:2, 1:0. Yarımfinaldakı rəqib ABŞ güləşçisi Cordan Burroqz idi. Təəssüf ki, Əliyev məhz finalın bir addımlığında uduzub - 2:0, 4:5, 0:3. Lakin o, bürünc medal qazanmaq şansı qazanıb ki, bundan da maksimum yararlanıb. Belə ki, Venesuela idmançısı Rikardo Robert üzərində çətin qələbə (0:2, 2:0, 1:0) Əliyevə də bürünc medal qazandırıb.
Cəmaləddin Məhəmmədov (120 kq) öncə Daniel Liqeti (Macarıstan) ilə qarşılaşıb və qələbə qazanıb -6:3, 3:2. Növbəti mərhələdə Dimitar Kumçev (Bolqarıstan) gözləyirdi ki, idmançımız onu da yolundan kənarlaşdırıb - 3:0, 6:0. 1/4 finalda Zivei Denq (Çin) ilə görüşdə qazanılacaq qələbə Məhəmmədovun da lisenziyanı təmin etməsinə şərait yaradacaqdı. Hansı ki, o, bunu bacarıb - 2:0, 4:0. Lakin yarımfinalda rusiyalı Bilal Maxovla mübarizə idmançımız üçün uğursuz alınıb - 1:0, 1:1, 1:4. Belədə, Məhəmmədov da yalnız bürüncə ümid edə bilərdi. O, belə bir şansı qazanıb və maksimum yararlanıb. Çulunbat Jarqals (Monqolustan) ilə baş tutan həlledici görüş idmançımızın qələbəsiyə bitib - 1:0, 1:0. Beləcə, Məhəmmədov yığmamıza 8-ci medalı qazandırıb.
Xatırladaq ki, ilk 5 gündə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) həm qızıl medal, həm də London olimpiadasına lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi sadəcə London olimpiadasına lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə bürünc medalla kifayətlənib.
