26 avqust 2011 13:54
Azərbaycan DÇ-də növbəti medalına sevindi
Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan yeniyetmə qızlarımız 1 bürünc medal qazanıb.
38 kq çəki dərəcəsində mübarizə aparan Sahilə Ələkbərova Türkiyədən olan rəqibi Misiraltı Begümə qalib gəlsə də, rusiyalı rəqibi Nadejda Sokolovaya məğlub olub və bürünc medal qazanmaq şansı əldə edib. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı idmançı Naomi Dominqesi məğlub edərək, bu şansı əldən verməyib.
Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) həlledici mərhələdə müvafiq olaraq İtaliya və Monqolustandan olan rəqiblərinə uduzaraq 5-ci yerlə kifayətləniblər.
Yeniyetmələrin dünya çempionatında sabah yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq.
