31 iyul 2011 21:38
Millimiz DÇ-ni uğursuz günlə başa vurdu (YENİLƏNİB)
Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin sonuncu – altıncı günündə sərbəst güləşçilər mübarizə aparıblar.
Məlum olduğu kimi, sərbəst güləş üzrə yığmamız dünya birinciliyinə 8 idmançı ilə yollanıb. Onlar aşağıdakılardı: Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli Maqomedabirov (120 kq). Bu gün onlardan dördü qızıl medal uğrunda mübarizə aparacaq.
55 kq-da yarışan Qalib Əliyev startda Rumıniya idmançısı Marin Filiplə üz-üzə gəlib və onu məğlub edib. Növbəti mərhələdəki rəqib Qırğızıstan güləşçisi Samat Nadirbeklə qarşılaşmada isə bu uğurunu davam etdirə bilməyən həmyerlimiz çıxışını dayandırmalı olub.
66 kq-da mübarizə aparan Maqomed Müslimov isə ilk döyüşündə Bolqarıstan güləşçisi Salim Oqtayı məğlub etməliydi ki, bunu bacarıb. O, italiyalı Angelo Kostaya da eyni aqibəti yaşadıb. Lakin 1/4-də Türkiyə güləşçisi Mustafa Kaya idmançımızın yolunu kəsib.
84 kq-da qüvvəsini sınayan İlya Xamikoyev startda ABŞ təmsilçisi Li Mansteri mübarizədən kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə onun rəqibi almaniyalı Mixail Dengler idi ki, idmançımız onunla da dueldən qalib çıxıb. Lakin 1/4 finaldakı rəqibi qazaxıstanlı İslam Əzizov onun yolunu kəsib
Nəhayət, 120 kq çəki dərəcəsində Əli Maqomedabirov startda kanadalı Sanni Dinsa ilə qarşılaşıb və ilk döyüşündəcə məğlub olub.
Xatırladaq ki, yarışın ilk iki günündə yunan-roma güləşçilərimiz 3 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. Vilayət Qəhrəmanlı isə qızıl medal qazanmışdı. Beləliklə, komanda hesabında Azərbaycan 38 xalla 2-ci olmuşdu. Lakin təəssüf ki, qızlardan ibarət yığmamız bu mənada heç bir uğur qazana bilmədilər. Sərbəst güləşçilərimizdən isə Toğrul Əsgərov (60 kq) qızıl, İbrahim Yusubovla (74 kq) Aslanbek Alborov (96 kq) bürünc medal qazanıblar.
