30 iyul 2011 22:52
Azərbaycan DÇ-də daha bir qızıl, iki bürünc qazandı (YENİLƏNİB)
Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, turnirin beşinci sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Məlum olduğu kimi, sərbəst güləş üzrə yığmamız dünya birinciliyinə 8 idmançı ilə yollanıb. Onlar aşağıdakılardı: Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli Maqomedabirov (120 kq). Bu gün onlardan dördü qızıl medal uğrunda mübarizə aparacaq.
50 kq-da yarışan Mircəlal Həsənzadə startda Monqolustan idmançısı Maydar Batçulunla üz-üzə gəlib və onu məğlub edib. Növbəti mərhələdəki gürcü Lecan Retçikaşvili də idmançımızla bacarmayıb. Lakin təəssüf ki, ondan sonrakı türkiyəli rəqibi - Burhan Altıntaş Həsənzadə üçün keçilməz olub. Beləcə, idmançımız çıxışını dayandırmalı olub.
60 kq-da mübarizə aparan Toğrul Əsgərov isə ilk döyüşündə Ermənistan güləşçisi Valodya Franqulyanı məğlub edib. Bu uğur onun finala çıxmasına gətirib çıxarıb. Belə ki, ardıcıl olaraq Maruf Nurilloev (Özbəksitan), Murşid Mutallimov (Rusiya), Ömər Uzan (Türkiyə) üzərindəki qələbələr Əsgərovu finala yüksəldib. Həlledici görüşdə Toğrul ABŞ güləşçisi Loqan Styeberə də eyni aqibəti yaşatmağı bacarıb və dünya çempionu olub. Maraq üçün xatırladaq ki, Vilayət Qəhrəmanlı da bu çempionatdakı ilk döyüşündə erməniyə qalib gəlmiş, sonda qızıl medala sahib çıxmışdı.
74 kq-da qüvvəsini sınayan İbrahim Yusubov startda ABŞ təmsilçisi Alan Teylor Massanı mübarizədən kənarlaşdırmağı bacarıb. Ardından moldovalı İon Sayin, gürcüstanlı Beka Petriaşvili də idmançımız qarşısında aciz qalıb. Amma təəssüf ki, yarımfinalda türkiyəli Abdulkadir Özmen Yusubovun qarşısını kəsib. Lakin İbrahimin bürüünc medal qazanmaq şansı var. Bunun üçün o, İran təmsilçisi Amir Xeyrulla üzərində qələbə qazanmalıydı. Rəqibini məğlub etməyi bacaran Yusubov özü üçün bürünc medalı təmin edə bilib.
Nəhayət, 96 kq çəki dərəcəsində Aslanbek Alborov startda albaniyalı Emilian Sinameta ilə qarşılaşıb və qələbə qazanıb. Almaniyalı Mixail Ferdinand da onun qarşısında aciz qalıb. Amma yarımfinalda gürcüstanlı Mamuka Kordzava Alborovu məğlub edə bilib. İndi bürünc medal uğrunda yarışan idmançımız bunun üçün yaponiyalı Takahiro Baba üzərində qələbə qazanmalıydı ki, həmin vəzifənin də öhdəsindən layiqincə gəlib və növbəti bürünc medalımızı rəsmiləşdirib.
Xatırladaq ki, yarışın ilk iki günündə yunan-roma güləşçilərimiz 3 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. Vilayət Qəhrəmanlı isə qızıl medal qazanmışdı. Beləliklə, komanda hesabında Azərbaycan 38 xalla 2-ci olmuşdu. Lakin təəssüf ki, qızlardan ibarət yığmamız bu mənada heç bir uğur qazana bilmədilər.
