28 iyul 2011 18:24
DÇ-də Azərbaycan üçün uğursuz gün (YENİLƏNİB)
Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, turnirin üçüncü günündə qızların mübarizəsinə start verilib.
Məlum olduğu kimi, qadın güləş yığmamız turnirə 3 idmançı ilə getmişdi. Bunlar Marziget Baqomedova (44 kq), Patimat Baqomedova (51 kq) və Yarina Dubovska (55 kq) idi. İlk gündə Baqomedovalar qüvvələrini sınayıblar.
44 kq-da mübarizə aparan Marziget Baqomedova startda moldovalı Emiliya Budeanu ilə qarşılaşıb və onu məğlub edib. Növbəti mərhələdəki rəqib Çin idmançısı Naixianq Çen idi. Lakin onun bu dəfəki cəhdi bəhrəsiz olub və Baqomedova çıxışını dayandırmalı olub.
Patimat Baqomedova (51 kq) isə ilk olaraq ABŞ idmançısı Karlen An Sluberski ilə güləşib və onu məğlub edib. Amma növbəti mərhələdəki Britaniya təmsilçisi Anastasiya Buryatinska ona keçid verməyib. Nəticədə o da dünya birinciliyini medalsız başa vurmalı olub.
55 kq-da çıxış edən Yarina Dubovska (55 kq) isə sabah mübarizəyə qoşulacaq.
Xatırladaq ki, yarışın ilk iki günündə yunan-roma güləşçilərimiz 3 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. Vilayət Qəhrəmanlı isə qızıl medal qazanmışdı. Beləliklə, komanda hesabında Azərbaycan 38 xalla 2-ci olmuşdu.
