27 iyul 2011 00:06
Qəhrəmanlı dünya çempionu oldu (YENİLƏNİB)
Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə 4 yunan-roma güləşçimiz döşək üzərinə çıxıb.
50 kq çəkidəki təmsilçimiz Vilayət Qəhrəmanlı yarışa 1/8 finalda erməni güləşçi Rudik Mkırtıçyanla qarşılaşma ilə başlayıb və onu məğlub etməyib bacarıb. Növbəti mərhələdə digər qonşumuz - gürcü güləşçi Nika Tsedsxaladze də idmançımıza mane ola bilməyib. Ardından rusiyalı Pavel Vasilenko da Qəhrəmanlı ilə bacarmayıb. Finalda həmyerlimizi qazaxıstanlı Janserik Sarsenbiyev duel gözləyirdi. Amma Qəhrəmanlı bu rəqibini də məğlub edərək DÇ-nin qızıl medalına yiyələnməyi bacarıb.
60 kq-da Orxan Paşayev isə startda Mate Koşnay (Macarıstan) ilə qarşılaşıb və onu məğlub edib. Növbəti mərhələdə idmançımızı türkiyəli Əmrə Arslanla döyüş gözləyirdi. Lakin təmsilçimiz qardaş ölkə güləşçisi ilə bacarmayıb və mübarizəni dayandırıb.
74 kq-da Toğrul Yunuslu ilk qarşılaşmasını 1/16 finalda moldovalı İqor Besliqaya qarşı keçirib və onu məğlub etməyi bacarıb. Növbəti mərhələdə koreyalı Ta Senq Yanq da Yunusluya mane ola bilməyib. Amma təəssüf ki, Zurab Datanaşvili onunla mübarizədən qalib ayrılıb. Lakin idmançımız bürünc medal qazanmaq şanslarını saxlayır. Bunun üçün güləşçimiz öncə rumıniyalı Aleksandru Sorini məğlub edib. Bürünc medalı təmin etmək üçün sadəcə rusiyalı Mixail Kornilova da qalib gəlmək qalırdı. Amma təəssüf ki, Yunuslu bu mübarizədən də məğlub ayrılıb və medalsız qalıb.
96 kq-dakı güləşçimiz Hacımurad Çopsiyev isə dünya birinciliyinə 1/8 finalda alman Peter Ohlerlə görüşlə start verib. Amma elə ilk döyüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.
