29 iyun 2011 17:11
31 ölkə yığması Bakıya gəlir
8-10 iyul 2010-cu il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycandan başqa 31 ölkədən (Avstriya, Estoniya, İsveç, Ukrayna, Fransa, Serbiya, Finlandiya, Yaponiya, Xorvatiya, Latviya, Böyük Britaniya, İspaniya, Norveç, Polşa, Rumıniya, ABŞ, İsrail, Monqolustan, Boqarıstan, Macarıstan, Özbəkistan, Kanada, Gürcüstan, Qazaxıstan, Türkiyə, Belarusita, Misir, İran, Qırğızıstan, Yunanıstan, Rusiya) 500-ə yaxın idmançı iştirak edəcək.
Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən iyulun 7-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcək. İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 18.00-da başlayacaq.
İyulun 8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Güləş Federasiyası, FİLA nümayəndələri və turnir iştirakçıları Fəxri xiyabanı ziyarət edəcək, turnirin rəsmi açılış mərasimi isə, həmin gün saat 17.00-da baş tutacaq.
Reqlamentə əsasən, turnirdə I, II və III yeri tutmuş idmançılara diplom, medallar və pul mükafatı veriləcək. I yerin sahibinə 10000, onun şəxsi məşqçisinə isə 2000ABŞ dolları mükafat veriləcək. II yeri tutmuş idmançı 5000, III yeri tutmuş hər bir idmançı isə 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.
