23 iyun 2011 12:28
Azərbaycan yığması Avropa üçüncüsü oldu
21-26 iyun 2011-ci il tarixdə Serbiyanın Zrenyanin şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub və təmsilçilərimiz 2 gümüş, 1 bürünc medal qazanıb.
55 kq çəkidə Qalib Əliyev bürünc medal qazanıb. Əvvəlcə bolqar Veliko Lyutzkanovu (3:1, 2:1) məğlub edən təmsilçimiz, daha sonra rus güləşçi Arsen Kuramaqomedova (0:3, 3:4) uduzaraq təsəlliverici görüşlərə qatılıb. Təsəlliverici görüş zamanı israilli David İliahu üzərində (6:0, 6:0) tam üstünlüklə qələbə qazanan Qalib Əliyev, bürünc medal uğrunda görüşdə isə fransız Çakır Ansarini (4:1, 8:2) məğlub edib.
66 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov avstriyalı Georg Marchlı (3:0, 7:0), rumıniyalı Vasile Madalin Minzalanı (6:0, 3:0) tam üstünlüklə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə gərgin keçən görüşü də (9:7, 6:1) qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda Rusiya güləşçisi Baymirzə Kadisovla qarşılaşan Məhəmməd Müslümov rəqibini üstələyə bilməyib (2:3, 0:1) və gümüş medalla kifayətlənib.
120 kq çəkidə Aslan Dzebişov finala qədər büdrəmədən irəliləyib. Ardıcıl olaraq macar Richard Csercsicsi (1:0, 2:2), bolqar Nikola Balzakovu (3:1, 4:0), ukraynalı Vyaçeslav Muzayevi (1:0, 2:1) məğlub edərək finala yüksəlib. Finalda belarus İhar Dziatko üstün olub (0:1, 0:3), Aslan Dzebişov gümüş medal qazanıb.
Bununla da, Serbiyanın Zrenyanin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan yığmamız 53 xalla komanda hesabında çempionatı üçüncü yerdə tamamlayıb. Rusiya və Gürcüstan komandaları 63 xalla birinci və ikinci yeri paylaşıb.
İyunun 23-24-də Avropa çempionatında gənc qızlar qüvvələrini sınayacaq, yunan-Roma güləşçiləri isə çempionatın son iki günündə xalça üzərinə çıxacaq.
