6 iyun 2011 15:46
Azərbaycan Avstriyada ən güclü oldu
3-4 iyun 2011-ci il tarixdə Avstriyada qadın güləşi üzrə 13-cü beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamız 2 qızıl və 2 bürünc medal qazanmaqla, komanda hesabında birinci olub.
Yığma komandanın baş məşqçisi Rövşən Umudov və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə ölkəmizi 6 idmançı təmsil edib.
48 kq çəkidə mübarizə aparan Mariya Stadnik bütün rəqiblərindən üstün olub. Finalda polşalı Julita Omilusik üzərində də qalib gəlməklə turnirin baş mükafatına layiq görülüb.
51 kq çəki dərəcəsində Anjela Doroqan da bütün rəqiblərini məğlub edib. Britaniya təmsilçisi Anastasia Buriatynska ilə final görüşündən də qalib ayrılan Doroqan qızıl medala sahib olub.
63 kq çəkidə Anna Belyayeva bürünc medal qazanıb. Təmsilçimiz medal görüşündə fransız Julie Guillaumedən üstün olub.
72 kq-da çıxış edən Nadya Sementsova və Natalya Palamarçuk yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşə çıxıblar. Finlandiya güləşçisi Johanna Konivuori üzərində qələbə qazanan Nadya Sementsova bürünc medala sahib olub. Natalya Palamarçuk isə, kanadalı Erica Wiebke ilə görüşdən məğlub ayrılıb və turniri 5-ci tamamlayıb.
Yekunda 2 qızıl və 2 bürünc medal qazanan yığmamız turniri komanda hesabında ilk sırada başa vurub.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edib.
