30 may 2011 11:54
Yığmamız yalnız finalda uduzdu
Almaniyanın Plauen şəhərində təşkil olunan gənclər arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə B qrupunda mübarizə aparan yığmamız bütün görüşlərini qələbə ilə başa vuraraq, adını finala yazdırıb.
Belə ki, ilk olaraq Yaponiya üzərində 7:1 hesablı qələbəyə sevinən sərbəst güləşçilərimiz, daha sonra Gürcüstanı da eyni hesabla məğlub edib. Amerika Birləşmiş Ştatlarının komandasını isə 6-2 hesablı məğlubiyyətə uğradan təmsilçilərimiz qızıl medal uğrunda mübarizə aparmaq hüququna yiyələnib. Finalda komandamızın rəqibi digər yarımqrupun qalibi Rusiya yigması olub. Final görüşündə 4-4 hesabı qeydə alınıb. Lakin xal hesabına görə (34-30) öndə olan Rusiya yığması yarışın qalibi olub. Təmsilçilərimiz gənclər arasında ilk dəfə keçirilən Dünya Kuboku yarışlarını ikinci yerdə tamamlayıblar.
Qeyd edək ki, yarışlarda ölkəmizin şərəfini böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) qoruyub.
