28 may 2011 13:00
Yığmamız Yaponiya üzərində qələbə ilə başladı
Almaniyanın Plauen şəhərində təşkil olunan gənclər arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə yığmamız B qrupunda mübarizə aparır.
Rəqiblər isə Yaponiya, Gürcüstan və Amerika Birləşmiş Ştatlarının komandalarıdı. A qrupunda isə Almaniya, Rusiya, Türkiyə və İran sərbəst güləş yığmaları qarşılaşacaq.
Komandamız startda Yaponiya ilə münasibətlərinə aydınlıq gətirib. Güləşçilərimiz rəqibləri üzərində inamlı qələbəyə seviniblər – 7:1.
Qeyd edək ki, qrupda ilk yeri tutan komandalar final, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Gənclər arasında ilk dəfə keçirilən Dünya Kuboku yarışlarında böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) ölkəmizi təmsil edir.
