2 may 2011 15:16
Yeddi ölkə yığması Azərbaycana gələcək
7-8 may 2011-ci il tarixdə Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək.
1991-1993-cü il təvəllüdlü idmançıların iştirak edəcəyi turnirdə 8 çəki dərəcəsində (50, 55, 60, 66, 74, 84, 96 və 120 kq) güclülər müəyyən ediləcək. Turnirin proqramına əsasən, mayın 7-də qrup görüşləri, mayın 8-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 7 may 2011-ci il, saat 17.00-da baş tutacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
