4 aprel 2011 00:18
Daha 1 qızıl və 2 bürünclə Avropada 4-cü olduq (YENİLƏNİB)
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışların sonuncu – altıncı günündə daha üç yunan-roma güləşçimiz medal qazanmaq şansını sınayıb.
Avropa və dünya çempionumuz Həsən Əliyev (60 kq) birinci görüşünü slovakiyalı Norbert Hosnedluya qarşı keçirib və problemsiz qələbə qazanıb. Növbəti mərhələdə rusiyalı Arslan Abdullinlə qarşılaşan həmyerlimiz bu rəqibini də məğlubiyyətə uğradıb. Növbəti mərhələdə Norveç idmançısı Stiq Berge də Əliyev üçün problem yarada bilməyib. Lakin yarımfinaldakı Revaz Laşki idmançımızın finala çıxmasına imkan verməyib. Buna baxmayaraq bürünc medal qazanmaq şansı olan Həsən Əliyev rumıniyalı Eysebio Dyakonunu məğlub etməklə növbəti medalımızı qazanıb.
Rafiq Hüseynov (74 kq) start matçında ispaniyalı Rikardo Gil Sorliylə qarşılaşıb və qələbə qazanıb. Növbəti mərhələdə fransız Kristof Jenonu məğlub edən həmyerlimiz sloveniyalı Yure Kuxorla mübarizədən də qalib ayrılıb. Yarımfinalda isə Selcuk Çebi ilə qarşılaşan idmançımız adını finala yazdırıb. Finalda R.Hüseynovu macar Peter Baçi ilə döyüş gözləyirdi ki, həmyerlimiz bu rəqibini də mübarizədən kənarlaşdıraraq, baş mükafata sahib çıxıb.
Nəhayət, 96 kq-da yarışan idmançımız Şalva Qadabadze ilk sınağında slovakiyalı Filip Kojeqlə münasibətlərinə aydınlıq gətirib və qələbəyə sevinib. Növbəti mərhələdə finlandiyalı Rami Antero də idmançımıza problem yarada bilməyib. Belaruslu Timofey Denisenko isə Qadabadzenin finala yolunu kəsib. Güləşçimiz bürünc medal qazanmaq üçün çexiyalı David Valanı məğlub etməli idi ki, bu şansdan da maksimum yararlana bilib.
Beləliklə, bütövlükdə komanda hesabında 1 qızıl, 4 bürüncə sahib çıxan yunan-roma güləşçilərimiz Avropada 4-cü olublar. Birinci yeri Rusiya (2-1-1) tutubsa, Ermənistan ikinci (1-1-2), Ukrayna üçüncü olub (1-1-0).
