2 aprel 2011 23:10
AÇ-də daha iki bürünc medal (YENİLƏNİB)
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, sərbəst və qadın güləşçilərimizdən sonra yarış proqramının beşinci günündə bu dəfə yunan-roma güləşçilərimiz mübarizəyə başlayır ki, Azərbaycanın daha 4 idmançısı meydana çıxmaq imkanı qazanıb.
Eldəniz Əzizli (55 kq) startda almaniyalı Lukas Helqmeyerlə münasibətlərinə aydınlıq gətirib. Onu asanlıqla mübarizədən kənarlaşdıran idmançımız ardından rumıniyalı Virgil Munteanuya da eyni aqibəti yaşadıb. Ardından polşalı Mariuş Losu da sıradan çıxaran Əzizli yalnız yarımfinalda büdrəyib. Erməni Roman Amoyanla döyüş təəssüf ki, idmançımız üçün uğursuz alınıb. Lakin o, bürünc medal uğrunda mübarizə aparmaq şansını saxlayırdı. Nəticədə rusiyalı Valeri Borqoyakovla üz-üzə gələn idmançımız turniri medalla tərk edib.
Vitali Rəhimov (66 kq) birinci mərhələdə Slovakiya təmsilçisi Riçard Riqo ilə qarşılaşıb və qələbə qazanıb. Lakin növbəti mərhələdəki Tamaş Lorinç (Macarıstan) onun üçün keçilməz olub. Macar idmançının sonda finala qədər irəliləməsi isə idmançımıza bürünc medal qazanmaq şansı yaradıb. Bu üzdən də idmançımız öncə türkiyəli Abdulsamed Günalla qarşılaşıb və qələbə qazanıb. Ardından rumın İon Panaitə də eyni aqibəti yaşadan bu idmançımız da üçüncü yerlə kifayətlənib.
Saman Təhmasibi də startda Eldəniz Əzizli kimi (84 кг) meydan sahibi olan idmançıyla – Yan Fişerlə görüşüb. Amma o, elə startdaca məğlub olaraq medal qazanmaq şansını itirib.
Ağır çəkililərin mübarizəsində isə Maksim Proxorov (120 kq) medal qazanmaq yolunda ilk sınağını çexiyalı Marek Sveş qarşısında verib. Güləşçimiz bu rəqibini mübarizədən kənarlaşdıra bilsə də, ardından almaniyalı Niko Şmidtə məğlub olaraq, yarışla erkən vidalaşmalı olub.
