31 mart 2011 00:06
Azərbaycan AÇ-də daha 1 qızıl və 3 bürünc qazandı (YENİLƏNİB)
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarış proqramının ikinci günündə Azərbaycanın daha 4 idmançısı meydana çıxıb.
Avropa çempionu Mahmud Maqomedov (55 kq) yarışa fransız Hamza Fataha qarşı döyüşlə start verib. O, rəqibini hər iki hissədə inamlı hesabla məğlub etməyi bacarıb (6:0, 6:0). Növbəti mərhələdə o, türkiyəli Ahmet Pekerlə qarşılaşıb. Görüş heç də asan keçməyib və həmyerlimiz son anda qələbəni təmin edib - 2:1, 0:1, 6:0. 1/4 finaldakı rəqibi ukraynalı Mixail Ayvazyanı da yolundan kənarlaşdıran (8:2, 6:0) Maqomedov yarımfinalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşüb. Lakin bu qarşılaşma onun üçün uğursuz alınıb. Məğlubiyyətə rəğmən Maqomedovun bürünc medal qazanmaq şansı qalırdı. Nəticədə o, bürünc uğrunda mübarizədə isveçli Urs Uilld üzərində təmiz qələbə qazanaraq, ölkəmizə növbəti medalı qazandırıb.
Digər Avropa çempionumuz Cəbrayıl Həsənov (66 кг) startda Moldovadan olan Vladimir Qotsiananı məğlub edib (2:0, 7:0). Növbəti mərhələdə rəqibi italiyalı Pyetro Piçitelli olan idmançımız onu da mübarizədən kənarlaşdırıb - 2:0, 4:0. 1/4 finalda macar Qerqeli Velleri çətinliklə də olsa sıradan çıxaran (4:5, 2:0, 3:1) Cəbrayıl yarımfinalda meydan sahiblərindən Sabor Cavad Bolağa da qalib gəlib. Qızıl medala sahib çıxmaq üçün o, finalda bolqar Leonid Bazanı mübarizədən kənarlaşdırmalı idi ki, bu vəzifənin öhdəsindən layiqincə gələrək, qitə çempionu titulunu qoruyub.
Şərif Şərifov (84 кг) ilk döyüşdə Almaniyadan olan David Biçinaşvilini məğlub edib (2:0, 3:1). 1/8 finalda ukraynalı İbrahim Aldatovla mübarizədən qalib ayrılan Şərif. 1/4-dəki rəqibi yunan Emzarios Bentinidisə də eyni aqibəti yaşadıb. Yarımfinalda isə rus idmançı Anzor Urişevi mübarizədən kənarlaşdırmaq lazım olsa da, buna nail ola bilməyib (0:3, 0:1). Amma bürünc şansı qalan Şərifov bundan yararlanıb. Polşalı Maçeya Balevender üzərindəki qələbə bu idmançımıza da medal qazandırıb.
Cəmaləddin Məhəmmədov startda rumıniyalı Daniel Rares Çintonao ilə güləşib və qələbə qazanıb - 4:0, 8:1. 1/8 finalda o, erməni Ruslan Basiyevlə görüşüb və inamlı qələbə qazanıb - 4:0, 3:0. Növbəti mərhələdə gürcü Davit Modmvanaşviliyə də eyni aqibəti yaşadan idmançımız (1:0, 0:1, 1:0) yarımfinalda belorus güləşçi Aleksey Şemarovla üz-üzə gəlib. Lakin 0:6, 0:1 hesabıyla uduzan güləşçimiz bürünclə kifayətlənib. Bunu isə o, yunan Yohannis Arzumandis üzərində qələbə sayəsində gerçəkləşdirib.
Qeyd edək ki, yarışın ilk günündə komandamız Xetaq Qazyumovun (96 кг) sayəsində bir qızıl medal qazanmışdı.
