29 mart 2011 23:40
Avropa çempionatında qızıl medal (YENİLƏNİB)
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarış proqramını ilk olaraq sərbəst güləşçilər açıblar.
İlk finalçı Xetaq Qazyumov (96 kq) olub. Finala doğru yolda ikiqat Avropa çempionumuz öncə ispaniyalı Eder Villanuevanı (6:0, 4:0), beloruslu İvan Yankovskini (3:0, 3:0), 1/4 finalda erməni güləşçisi Edqar Yenokyanı (3:0, 1:0), yarımfinalda moldovalı Nikolay Çebanı (1:0, 1:0) məğlub edib. Finalda isə güləşçimizin rəqibi rusiyalı Vladislav Baytsayev olub. O, həlledici görüşdə rəqibini asanlıqla yenərək (1:0, 7:0), ölkəmizə qızıl medal qazandırıb.
Aqil Quliyevin (74 kq) finala çıxmağa azca gücü çatmayıb. O, startda ukraynalı Dzambuli Tsotadzeni (2:1, 5:2), yunan Apostolos Taskoidisi (2:2, 0:2, 3:0) məğlub edib. Yarımfinalda isə təcrübəli rusiyalı idmançı Denis Tsarquşa (0:1, 0:2) məğlub olub. Bürünc medal uğrunda mübarizədə güləşçimizin rəqibi macar Qabor Xatoş olub. Güləşçimiz ilk hissədə 1:0 hesabıyla qələbə qazansa da, sonradan ardıcıl iki hissə uduzaraq (0:1, 0:2) mükafatsız qalıb.
Vitse-dünya çempionu Toğrul Əsgərov (60 kq) isə ilk görüşdəcə titullu ukraynalı idmançı Vasiliy Fedorişinə (1:2, 0:1) məğlub olub. Rəqib finala çıxmadıı üçün isə mükafatçılar siyahısından kənarda qalıb.
