11 mart 2011 16:48
Yığmamızın Dünya Kuboku və AÇ üçün heyəti açıqlandı
Martın 19-da Dağıstan Respublikası paytaxtında sərbəst güləşçilər arasında Dünya Kuboku start götürəcək. Azerisport.az xəbər verir ki, Mahaçqalaya yollanacaq heyət Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevin iştirak etdiyi toplantıda açıqlanıb.
Dünya Kubokunda ölkəmizi Namiq Sövdümzadə (55 kq), Zəlimxan Huseynov (60 kq), Emin Əzizov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Təmrəzov (84 kq), Aslanbek Alborov, Cəmaləddin Məhəmmədov (96 kq) və Əli İsayev (120 kq) təmsil edəcəklər.
Toplantıda həmçinin, Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərin də adları elan edilib. 29 mart - 3 aprel tarixlərində qitənin ən güclüləri arasında Almaniyanın Dortmund şəhərində start götürəcək yarışda Azərbaycanın şərəfini Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qoruyacaqlar.
Hər iki mötəbər turnirdə sərbəst güləş yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayev rəhbərlik edəcək.
